|
|
|
|
Xəbərlər
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ümumi Yığıncağı keçirilmişdir
| 23.07.2010 |
 |
Azərbaycan Respublikasının Maliyyə naziri S.Şərifovun sədrliyi ilə keçirilən yığıncaqda üç məsələ müzakirə edilmiş -- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2009-cu ilin maliyyə hesabatlarının təsdiq edilməsi, 2009-cu ilin mənfəəti və dividend siyasəti, bankın Audit Komitəsinin tərkibi haqqında qərarlar qəbul edilmişdir.
Ümumi Yığıncağın qərarı ilə 2009-cu ilin maliyyə hesabatları təsdiq edilmişdir. 2009-cu il üzrə bankın xalis mənfəəti 128 milyon manat həcmində olmuş və ötən ilin birinci və ikinci rübləri üzrə 46,7 milyon manat məbləğində vəsait dividendlərin ödənilməsinə sərf edilmişdir. Üçüncü rübdə mənfəətin bank tərəfindən dividendlərin ödənilməsi üçün nəzərdə tutulan 40 milyon manat hissəsi səhmdarların Ümumi Yığıncağının qərarı ilə bankın Nizamnamə kapitalına yönəldilmişdir. Ötən ilin sonuncu və cari ilin iki rübü üzrə Azərbaycan Beynəlxalq Bankı mənfəət əldə etmiş və mənfəətin bölünməsi ilə dividendlərin verilməsi barədə qərar qəbul edilməsini qanunvericiliyin tələblərinə uyğun olaraq səhmdarların ixtiyarına vermişdir. İkinci məsələ ilə əlaqədar iclasda iştirak edən və ümumilikdə səhmlərin 80 faizinə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil olmaqla 66 faiz səs çoxluğu ilə dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi və növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılacağı barədə qərar qəbul etmişlər. İclasda iştirak edən səhmdarların 34 faizi bu qərarın əleyhinə səs vermişlər.
İclasın gündəliyinin üçüncü bəndi üzrə qəbul edilən qərarla Audit Komitəsinin üzvlərinin say tərkibi 7 nəfərdən 5 nəfərə qədər azaldılmışdır. Qeyd etmək lazımdır ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının 19 oktyabr 2009-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında ABB-nin aktivlərinin xeyli artması, fəaliyyət istiqamətlərinin genişlənməsi, törəmə müəssisə və nümayəndəliklərin sayının artması, filial şəbəkəsinin inkişaf etməsi şəraitində səhmdarların Bankın menecmentinin işinə nəzarətin gücləndirilməsini əsas tutaraq (dövləti təmsil edən və üstünlük təşkil edən səhmlər zərfinə malik olan səhmdar kimi Maliyyə Nazirliyinin təklifi ilə) səhmdarlar tərəfindən qəbul edilmiş qərara uyğun olaraq Audit Komitəsi üzvlərinin sayı 3 nəfərdən 7 nəfərə qədər artırılmışdı.
Bu gün ABB ölkənin ən kapitallaşdırılmış bankıdır: onun nizamnamə kapitalı 240 milyon manat təşkil edir. 2010-cu il 1 iyul tarixinə Bankın balans kapitalı 627,7 milyon manat səviyyəsindədir. ABB bu il Azərbaycanın büdcəsinə 22 milyon manat müxtəlif xarakterli vergi ödənişlərini həyata keçirib.
2010-cu ilin birinci yarım ilində bankın gəlirləri 189,98 milyon manat təşkil edib. Azərbaycanda dövlət nəzarətində olan yeganə bankın vergiyə qədər mənfəəti 41,4 milyon manat olmuşdur. Bank 31,5 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.
Beləliklə, ABB səhmdarlar qarşısında üzərinə düşən işləri layiqincə görmüş, dividendlərin paylanması üçün mənfəət əldə etməyə nail olmuşdur.
Qeyd etmək vacibdir ki, nüfuzlu beynəlxalq reytinq təşkilatı olan Fitch Ratings Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli emitentin böhran reytinqini (EBR) xarici valyutada «BB+» səviyyəsindən «BBB-» investisiya səviyyəsinədək qaldırıb. Bu hədd Azərbaycanın uzunmüddətli emitentin böhran reytinqinə bərabərdir.
Moody”s İnvestor Service beynəlxalq reytinq şirkəti tərəfindən ABB-yə verilmiş reytinq səviyyəsi ölkə reytinqindən iki pillə yüksək, o cümlədən, bankın Baa3 xarici valyutada reytinqi suveren Azərbaycanın reytinqinə bərabər, Baa2 milli valyutada reytinqi isə ölkənin analoji reytinqindən iki səviyyə yüksək idi. Moody's şirkəti öz metodologiyasını dəyişərək, reytinqi yerləşdiyi suveren ölkələrin reytinqindən yüksək olan dünya banklarının reytinq səviyyəsini endirmiş və yeni qaydalara uyğun olaraq ABB üçün milli valyuta üzrə Baa3 reytinq səviyyəsi müəyyənləşdirmişdir ki, bu da hazırda Azərbaycanın müvafiq reytinqindən bir pillə yüksəkdir.
Azərbaycanın kütləvi informasiya vasitələrinin bütün əməkdaşlarını Milli mətbuat günü münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.
ABB Mətbuat xidməti |
|
|
|
|
|