Valyuta məzənnələri

Valyuta kalkulyatoru

22.09.2017 tarixinə
M
$
1 AZN =0.5869 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
22.09.2017 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7008 1.6700 1.6700 1.7040 1.7010
EUR 2.0342 1.9833 1.9833 2.0483 2.0402
GBP 2.3097 2.2520 2.2520 2.3328 2.3328
RUR 0.0294 0.0270 0.0270 0.0294 0.0294
CHF 1.7578 1.7139 1.7139 1.7754 1.7754
JPY 0.0152 0.0148 0.0148 0.0154 0.0154
CAD 1.3813 1.3468 1.3468 1.3951 1.3951
AUD 1.3477 1.3140 1.3140 1.3612 1.3612
TRY 0.4864 - 0.4742 - 0.4913
AED 0.4630 0.4399 0.4399 0.4676 0.4676
SEK 0.2135 0.2082 0.2082 0.2156 0.2156
NOK 0.2181 0.2126 0.2126 0.2203 0.2203
DKK 0.2733 0.2665 0.2665 0.2760 0.2760
KZT 0.0050 - 0.0049 - 0.0065
GEL 0.6864 - - - -
XAU 2197.6037 - 2142.6636 - 2219.5797
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

01.09.2017

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesi uğurla başa çatdı

 

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilmiş və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatmışdır.

 

Xatırladaq ki, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs verib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində Planın təsdiqlənməsinə dair qərar çıxarıb.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov prosesin nəticəsini belə şərh edib: "Restrukturizasiya prosesi gözlədiyimiz kimi uğurla başa çatdı. Bu prosesin həyata keçirilməsi bankın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından həlledici addım idi. Hazırda bankın problemli aktivlərinin müəyyən hissəsinin Aqrarkredit təşkilatına ötürülməsi istiqamətində yekun tədbirlər həyata keçirilir. Hər iki addım bankın kapitallaşmasını, mənfəətliyini və maliyyə bazarında dayanıqlığını təmin edəcək. Bütün bunlar bankın özəlləşməyə açıq elan edilməsi ilə bağlı müvafiq tədbirlərin  həyata keçirilməsinə də imkan verəcək.

Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 11 may 2017-ci il tarixindən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi rayon məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaqdır.

17.08.2017

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib

 

Bakı şəhər, Nəsimi rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixində keçirilmiş iclasında Azərbaycan Beynəlxalq Bankının müvafiq müraciətinə baxılaraq, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planının təsdiqlənməsinə dair qətnamə qəbul edilib. 

 

Məlum olduğu kimi, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Kreditorlarının yığıncağı keçirilmiş və səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs vermiş, plan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılmışdır.

 

Xatırladaq ki, Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.   

26.07.2017

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltməyə başladı

 

Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı xarici kreditorlar tərəfindən qəbul edildikdən sonra Moody’s beynəlxalq reytinq agentliyi bankın reytinqlərinə yenidən baxaraq bəzi reytinqləri yüksəldib. Belə ki, xarici və yerli valyutada uzunmüddətli depozit reytinqi Caa2-dən Caa1 səviyyəsinə artırılıb. Xarici valyutada qorunmayan borclar reytinqi Caa3 səviyyəsindən Caa2-ə qaldırılıb. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) də “ca” pilləsindən “caa3” pilləsinə qədər yüksəlib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) Caa1 (cr) səviyyəsindən B3 səviyyəsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqinə pozitiv proqnoz verilib.

Agentliyin açıqlamasında bildirilib ki, yeni reytinqlər restrukturizasiya planı üzrə səsvermənin 18 iyulda elan olunmuş nəticələrinə əsaslanır. Reytinqlərdə baş verən müsbət dəyişikliklər restrukturizasiya prosesi başa çatandan sonra bankın maliyyə durumunun yaxşılaşacağı ilə bağlı Moody’s-in gözləntilərini əks etdirir. Agentliyin proqnozlarına görə, öhdəliklərin restrukturizasiyası planının bu şəkildə icrası bankın maliyyə dayanıqlığını, kapital mövqeyini gücləndirəcək və aktivlərinin keyfiyyətini yaxşılaşdıracaq. Öhdəliklərin könüllü restrukturizasiyası ilə yanaşı, problemli aktivlərin bankın balansından çıxarılması da aktivlərinin keyfiyyətinin yaxşılaşmasına kömək göstərəcək.

Moody’s ekspertlərinin rəyinə görə, problemli aktivlərin transferi bu ilin sonuna qədər başa çatacaq. Nəticədə, Bankın birinci dərəcəli kapitalının 13% ətrafında olması ehtimal edilir. Agentlik bankın 2018-ci ili mənfəətlə başa vuracağını gözləyir. Mənfəətlilik səviyyəsi, ölkənin makroiqtisadi durumundan da çox asılı olacaq.

Moody’s Azərbaycan hökumətinin böyük ehtimalla banka dəstəyi davam etdirəcəyini gözləyir. Bu gözlənti bankın səhmlərinin 95%-nin dövlətə məxsus olması, ABB-nin ölkənin ən böyük bankı olması və bank bazarındakı aktivlərin əhəmiyyətli hissəsini bölüşməsi kimi amillərlə əsaslandırılıb. Eyni zamanda, hökumətin bankda vəsait yerləşdirmiş əmanətçilərə və digər müştərilərə dəstək verdiyi xüsusi qeyd edilib. Belə ki, öhdəliklərin restrukturizasiyası prosesinin ABB-də depoziti olan müştərilərə heç bir təsiri olmayıb. 

Rəydə o da göstərilib ki, restrukturizasiya planı başa çatdıqdan sonra Moody’s reytinqlərə yenidən baxacaq və gələcək durumuna uyğun olaraq bankın reytinqlərini yüksəldəcək.

18.07.2017

Azərbaycan Beynəlxalq Bankı öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib.

Yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94.1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9%-i planın lehinə səs verib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.

Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara  bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.  

Azərbaycan hökuməti bu prosesi bankın müəyyən xarici valyutada olan öhdəliklərinin birbaşa dövlət borcuna aid edilməsi yolu ilə dəstəkləyir. Nəticədə Azərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.

 

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı bildirib: “Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır”.

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı əlavə edib: “Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin restrukturizasiya planının xarici kreditorların mütləq əksəriyyəti tərəfindən qəbulu Azərbaycanın bank-maliyyə sektorunun inkişafı üçün çox mühim addımdır. Palata əmindir ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcək”.

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov deyib: “Bu gün Azərbaycan Beynəlxalq Bankı üçün mühüm tarixi gündür. Birgə səylərimiz bankın uzunmüddətli dayanıqlığını təmin edəcək. Könüllü restrukturizasiya qərarı Bankın sağlamlaşdırılması prosesində qanunauyğun addım idi. Biz bununla bankın maliyyə sağlamlaşdırmasının önəmli bir hissəsini başa çatdırdıq.  Səsvermənin nəticələri göstərir ki, kreditorlarımız da bu addımı dəstəklədilər. Restrukturizasiya prosesinin başa çatdırılması Bankın kapital mövqeyini gücləndirəcək və onun yeni inkişaf hədəflərinə fokuslanmasına imkan verəcək”.

 

Restrukturizasiya planı hüquqi qüvvəyə mindikdən sonra hər bir kreditor informasiya memorandumunda təsvir edildiyi şəkildə nağd vəsait və/və ya yeni qiymətli kağızlar  (və ya yeni qiymətli kağızların satılmasından əldə olunan nağd vəsait) alacaq.

Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.   

19.06.2017

Azərbaycan Beynəlxalq Bankı xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesinin artıq bu gündən başlandığını və bu prosesin 18 iyul 2017-ci il tarixində tamamlanacağını açıqlayıb.

Xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi bildirilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər barədə məlumatlar  təqdim edilir:

  • Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son üç ildə başlayacaq. Bu, əvvəl son iki il olaraq müəyyənləşdirilmişdi.
  • Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.
  • “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.
  •  Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
    • Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.
    • Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.
    • 1 sentyabr 2017-ci il tarixinədək sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, 1 sentyabr 2017-ci il tarixinə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək və iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin  hesablanmasında  nəzərə alınacaqdır.

 

23.05.2017

Londonda Azərbaycan Beynəlxalq Bankının xarici kreditorları ilə görüş keçirilib

Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun da iştirak etdiyi toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Görüşdə bildirilib ki, ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün həyata keçirilən xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə aid olacaq:

1. Ticarət yönümlü təminatsız borclar;

2. Üstün hüquqa malik təminatsız borclar;

3. Subordinasiya krediti.

Bu öhdəliklərin ümumi məbləği 3.3 milyard ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək. Xarici kreditorlara təqdim olunan restruktizasiya planına dair təqdimatla bu link vasitəsilə tanış olmaq mümkündür:

https://www.ibar.az/az/investors/investor-presentation/

Görüşdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanının icrası çərçivəsində bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir.

2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməlləri və manatın əsas xarici valyutalara qarşı devalvasiyası nəticəsində ABB-nin maliyyə mövqeyinin zəiflədiyi və öhdəliklərin könüllü restrukturizasiyası tədbirinin zəruri olduğu bildirilib. Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.

Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir.

“Bankın uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması və gələcəkdə özəlləşdirilməsinə hazırlıq üzrə aparılmış sistemli qiymətləndirmələr göstərdi ki, bankın təkcə aktivlərinin deyil, öhdəliklərinin də könüllü restrukturizasiyası vacibdir. Əminik ki, bu ədalətli niyyətimiz restrukturizasiya planının əhatə etdiyi bütün xarici kreditorlarımız tərəfindən razılıqla qarşılanacaq və onlar bank üçün dəyişikliklər dövründə uzunmüddətli həllərin tapılması üçün dəstək göstərəcəklər. Bir daha qeyd edirəm ki, xarici öhdəliklərin restrukturizasiyası prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur” – deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov qeyd edib ki: “vaxtilə ABB-nin sabiq menecmenti tərəfindən yol verilmiş ciddi pozuntular, habelə manatın məzənnə dəyişikliyinə məruz qalması səbəbindən bank 2015-ci ildən başlayaraq ciddi çətinliklərlə üzləşmişdir. Azərbaycan hökuməti bu dövrdən etibarən bankın maliyyə vəziyətinin sağlamlaşdılması məqsədilə əhəmiyyətli ardıcıl maliyyə dəstəyi göstərmişdir. Təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. ABŞ dolları həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökümət tərəfindən verimiş razılıq bu dəstəyin davam etməsinin bariz nümunəsi olmaqla bankın kreditorlarına daha yüksək kredit reytinqinə və etibarlılığa malik maliyyə alətlərinin verilməsini ehtiva edir. Hesab edirik ki, bu plan bankın uzunmüddətli dayanıqlılığına xidmət etməklə yanaşı, ədalətli şəkildə xarici kreditorların mənafelərinə xidmət etmiş olacaqdır”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüşdə çıxış edərək bildirib ki, restrukturizasiya planının həyata keçirilməsi nəticəsində bankın xarici valyuta mövqeyi tənzimlənəcək,  maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaqdır. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaqdır: ABB maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Bankın xarici öhdəliklərinin restrukturizasiyası nəticəsində onun maliyyə sağlamlığının təmin edilməsi təkcə ABB üçün deyil, bütövlükdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır.”.

Könüllü restrukturizasiya planının xarici kreditorların 13 iyul 2017-ci il tarixinə planlaşdırılan yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur. Kreditorların toplantısı barədə bildiriş ABB tərəfindən restrukturizasiya planının əks olunduğu informasiya memorandumu və səsvermə proseduru ilə birgə 14 iyun tarixində yayımlanacaq.

 

11.05.2017

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesinin növbəti mərhələsinə başlanılır

11 May 2017-ci il, Bakı - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanın icrası çərçivəsində ABB-nin maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir.

Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir. Artıq ABB-nin 9,93 milyard manat dəyərində toksik aktivi dövlət tərəfindən alınmış, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilmişdir. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi kapitalın artırılmasına yönəldilmişdir.

Tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirsə də bankın yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə itkilərə məruz qoymuşdur. Nəticədə 2016-cı ilin yekunlarına görə beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 milyard manat, ABB-nin özünün isə 1,74 milyard manat məbləğində zərərinin açıqlanması gözlənilir.

ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün bankın rəhbərliyi Azərbaycan hökuməti ilə birlikdə maliyyə sağlamlaşdırılması üzrə tədbirləri davam etdirir.

Sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü restrukturizasiyası nəzərdə tutulur. Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar Haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır.

Öhdəliklərin könüllü restrukturizasiya planı bank qanunvericiliyinə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış və restrukturizasiya prosesinin başlanılması barədə Nəsimi rayon məhkəməsi tərəfindən 4 May 2017-ci il tarixində qərar qəbul edilmişdir. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.

Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir.

Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək,  maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaqdır. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaqdır.

“Azərbaycan Beynəlxalq Bankının maliyyə və kapital mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur. ABB-nin maliyyə dayanıqlığının bərpa edilməsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan maliyyə xidmətlərinin göstərilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bank tərəfindən hal-hazırda görülən tədbirlər maliyyə sabitliyinin təmin edilməsi üçün əhəmiyyətli addımdır və bu tədbirlər Maliyyə Nazirliyi tərəfindən tam şəkildə dəstəklənir. Maliyyə Nazirliyi ümid edir ki, ABB-nin xarici valyutada olan kreditorları təklif olunan restrukturizasiya planını dəstəkləyəcəkdir. Dövlət bank üçün böyük addım atır və faktiki olaraq dövlət borcunun artırılması hesabına ABB-nin borclarını qəbul edir. Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, ABB-nin əmanətçiləri təklif olunan restrukturizasiya planından təsirlənməyəcək və Bankın bütün xidmət və əməliyyatları eyni qaydada davam etdiriləcək.” – deyə Maliyyə Naziri Samir Şərifov bildirib.

ABB-nin sağlamlaşdırılma prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının ardıcıl nəzarəti altında həyata keçirilir.

“Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. ABB maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Buna görə də biz Maliyyə Nazirliyinin bankın maliyyə vəziyyətini sabitləşdirmək və dayanıqlığını təmin etmək səylərini müsbət qarşılayırıq. Hesab edirik ki, bu addım təkcə bank üçün deyil, ümumilikdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır. Restrukturizasiya planı ABB-nin yerli hüquqi və fiziki şəxslər qarşısındakı öhdəliklərinə heç bir halda təsir etmir. MBNP olaraq biz bankın kreditorlarının və əmanətçilərinin hüquqlarının pozulmayacağına və vəsaitlərindən sərbəst şəkildə istifadə etmələrinə nəzarət edəcəyik” – deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“2016-cı il üzrə maliyyə nəticələrimizdə qeyd olunduğu kimi, ABB hal-hazırda mürəkkəb maliyyə vəziyyətindədir. Buna baxmayaraq, inanıram ki, bizim xarici valyutada olan kreditorlarımızın dəstəyi ilə ABB-nin gələcək maliyyə dayanıqlığı təmin ediləcək. Bankın cari vəziyətində göstərdikləri dəstəyə görə Maliyyə Nazirliyinə və MBNP-yə minnətdarlığımı bildirirəm.

ABB-nin pərakəndə və korporativ müştərilərini əmin etmək istəyirəm ki, restrukturizasiya planı onlara heç bir halda təsir etməyəcək. Əlavə olaraq, bizim digər xidmət və əməliyyatlarımız bu prosesdən kənarda qalacaq”- deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Bütün bu tədbirlərin nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaqdır.